Aydın Xırdalanlının vəfatından bir il ötür.


Aydın Xırdalanlının vəfatından bir il ötür.

Bu gün tanınmış meyxanaçı, şair Aydın Xırdalanlının vəfatından bir il ötür. MediaTime.Az xəbər verir ki, mərhumun vikipediasında həyatı belə təsvir olunur:  

Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşaq idi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub.

Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi din və qəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı.[3] Xırdalanda Cümə məscidinə azan verib.

 1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub .

Tarixi çox sevirdi.
Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddı problemlərlə üzləşib. 2013-cü ildə Azərbaycan saytlarından birinə verdiyi müsahibədən:

Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar.
2017-cü ildə Baku.ws saytına verdiyi müsahibədən:

Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim.

 Sənətkar həyatının son dövründə depressiyada olmuşdur. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb.
Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filminə baxaraq vəfat edib. Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına dəfn olunub.