"40 gündür dünyanın ağını qarasından seçmirəm" - Afaq Bəşirqızı


"40 gündür dünyanın ağını qarasından seçmirəm"

Bu gün Rusiyanın İvanovo şəhər Dumasının deputatı, biznesmen və yerli azərbaycanlı diasporunun lideri Sərraf Məmmədovun vəfatından 40 gün keçir. 

Aprelin 4-nə keçən gecə 55 yaşında dünyasını dəyişən S.Məmmədovun itkisi ən çox xalq artisti, canlı korifey Afaq  Bəşirqızını üzüb.  

Yaxın dostunun ölümü ilə barışa bilməyən Afaq xanım fikirlərini MediaTime.Az saytı ilə bölüşüb:

"40 gündür dünyanın ağını qarasından seçmirəm. Qulaqlarım kardır, dilim tutulub, gözüm isə heç nə görmür...  Sənin yoxluğunla nə bacara nə də barışa bilmirəm. Doğma torpaq səni itirdi, yad qazandı. Sərraf, nə qədər xoşbəxtimiş o torpaq ki, səni udub. Bir qəribi, bir qaçqını, bir köçkünü, bir fəxrediləsi, qeyrətli oğulu...  Bütün həyatın boyu xalqı, torpağı, Qarabağı, Füzulini düşünmüsən. Əlindən gələni əsirgəməmisən...

Tərsliyə bax ki, sənə yollarım da bağlıdır. Sonuncu dəfə mən sənin zəngini növbəti bir söhbət kimi qəbul etdim. Sən demə, mənimlə vidalaşırmışsan. Sən hər dəfə mənim üçün çox qorxurdun. Məni, mənim özümə tapşırırdın. Məni yanında görmək istəyirdin. Amma indi yanına gələ bilmirəm. Heç olmasa özümə belə təsəlli olmaq üçün də gələ bilmirəm. 40 gündür ki, sən yoxsan, sənsizəm, sənsizik. Elə bilirsən, sənin kimi oğullar çoxdur? Yox! Zəmanənin üzü dönüb,  qardaş! 

Mütləq vətən torpağından sənin üçün gətirəcəyəm. Allah Kərimdir, bəlkə elə o Füzuli torpağı oldu?!  Rahat yat, qardaş. Başımız sağ olsun. Dostlar sağ olun... Məkanın cənnət olar, İnşallah".

Xatırladaq ki, uzun zamandır telefon zənglərinə cavab verməyən Afaq Bəşirqızı sükutunu məhz Sərraf Məmmədovun xatirəsinə həsr etdiyi bu cümlələrlə pozdu.
MediaNews