Acından kirpikləri tökülən, evlənməkdən qorxan Elçin Həmidov haqda - Faktlar+Fotolar


Acından kirpikləri tökülən, evlənməkdən qorxan Elçin Həmidov haqda - Faktlar+Fotolar



Bu gün əməkdar artist, aktyor Elçin Həmidovun anım günüdür.

Həmidov Elçin Qəzənfər oğlu 1958-ci il iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşından əvvəlcə atasını, sonra anasını itirib. Elçini və bacı-qardaşlarını əmisi himayəsinə götürüb.
Elçin əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Əmisi evində yaşadığı zaman evin ən ağır işlərini ona gördürürlər, doyunca yeməkdən məhrum olunurmuş. Elçin Həmidovun öz sözlərinə görə, uşaqlıqda o qədər ac qalıb ki, vitaminsizlikdən kirpikləri tökülürmüş. Bir dəfə isə əmisigildə onu necə döyürlərsə, üstünə təcili yardım maşını gəlir. Qohumları onu hədələyirlər ki, həkimə onu kimlərin döydüyünü deməsin. Valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və o biri qardaşını itirib.



Əvvəllər kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb. Bir müddət sonra isə yaxşı səsi olduğu üçün teatrda xor artisti vəzifəsində çalışmağa başlayır. 1977-ci ildə İncəsənət İnstitutunun «Dram-kino aktyoru» fakültəsinə daxil olur.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib. İstedadı və bacarığı sayəsində Elçin Həmidov az vaxt ərzində klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olur.




Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin “Bakılı oğlanlar” komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.
Musiqili Teatrda bir çox aktyorlarla yanaşı Hacıbaba Bağırovla da yaxın dost olub. H. Bağırov ondakı istedada arxayın olaraq, öz rollarını belə ifa etmək üçün Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir.



Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq onun azyaşlı qızına telefonla nağıllar danışarmış.
Aktrisa Dilarə Əliyeva ilə də çox yaxın dost olublar. Bir gün Elçin onunla birlikdə aktrisanın rəfiqəsinə üzük almaq üçün mağazaya gedir. Mağazada aktrisanın iki üzükdən xoşu gəlir. Birini rəfiqəsinə hədiyyə alır, o biri üzüyü isə ala bilmir. Bir neçə gündən sonra Elçin həmin üzüyü aktrisaya ad günü hədiyyəsi kimi alıb gətirir. Aktrisa isə dostuna qızıl qol düymələri alır. Lakin Elçinin vaxtsız ölümü bu hədiyyənin ona bağışlanmasına imkan vermir.
Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq.

Aktyorun səhnədəki son rolu Qoqolun “Evlənmə” tamaşasında olub. Elçin tez-tez şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub üzr istəyirmiş. Tamaşanın premyerasından sonra dostlarından xahiş edib ki, mən öz tamaşama son dəfə baxmaq istəyirəm. İki saata yaxın dinib danışmadan evlənmə tamaşasını diskdən izləyib.
Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam.



Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar. Aktyoru evində ölü vəziyyətdə tapırlar.
Məlum olur ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.
Elçin Həmidov 2011-ci il martın 4-də 52 yaşında ürək xəstəliyindən dünyasını dəyişir. Onu Xırdalan qəbiristanlığında dəfn edirlər.

Mənbə: Kulis.az