Nazirin “TOPAZ” biznesinə rəqib gəlir


Nazirin “TOPAZ” biznesinə rəqib gəlir

Azərbaycanda uzun müddət “TOPAZ” mərc oyunlarının şəriksiz bukmeykeri olub. Amma son illərdə katalizator kontorları durğunluq dövrünü yaşayır. 
MediaTime  Musavat.com-a istinadən xəbər verir ki, bunun bir çox səbəblərini sadalamaq olar.
Əvvəla, “TOPAZ” məntəqələrinin sayı artmır, hərçənd qarşıya minlərlə belə obyektin açılması hədəf qoyulmuşdu. Ona görə əhalini mərc oyununa təşviq prosesində passiv fəaliyyət göstərilib. İkinci faktor “TOPAZ”da əmsalların aşağı, minimum mərc qoyuluşunun isə yüksək olmasıdır. Əvvəl bir kupon 1 manat idisə, neçə ildir ki, 3 manata qaldırılıb. Bu da kofiçent qoymaq istəyənlərə sərf etmir. Bukmeyker isə minimum 1 manat mərc qoyuluşunu yalnız elektron variantda qüvvədə saxlayıb ki, oyunçuların əksəriyyəti internet üzərindən deyil, “TOPAZ” məntəqəsinə getməyə üstünlük verirdi.
Bu biznes həm də totalizator kontoru işlədən sahibkarlar üçün yaxşı gəlir mənbəyi idi: çay, kofe, pivə və s. içkilər təklif olunurdu, futbol qumarından əlavə qazanc da çıxırdı. Amma əvvəllər Bakının az qala hər tin başında rast gəlinən bukmeykerlərin çoxu bağlanıb, rentabelli işləmir, bir yandan da minimum mərc qoyuluşunun məbləğinin artırılması, oyunlara verilən əmsalların isə aşağı göstərilməsi müştərilərin ayağını bu yerlərdən kəsib.