“Bu gün Azərbaycanda bayrağı ilə fəxr edən uşaqlar böyüyürlər” – Cəlal Qurbanov


“Bu gün Azərbaycanda bayrağı ilə fəxr edən uşaqlar böyüyürlər” –

“Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bəs, görəsən dünya uşaqların hüquqlarını həqiqətən də lazımınca müdafiə edə bilirmi, uşaqları qoruya bilirmi?”

MediaTime xəbər verir ki, vətənpərvər mahnıların söz yazarı kimi tanıdığınız nəğməkar-şair Cəlal Qurbanov Uşaqların Beynəlxalq Müdafiəsi Günündə mənfur qonşularımızın 30 ildə azərbaycanlı uşaqlara qarşı yürütdüyü dəhşətli zorakılıq siyasətinin nəticələrini xatırladıb. Həm də “Körpələrin səsi” adlı mahnının söz yazarı olan Cəlal Qurbanov qeyd edib ki, 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb: “Təkcə Xocalı soyqırımında qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla, 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, təmas xəttində yaşayan 34 uşaq erməni terrorunun qurbanı olub”.



Cəlal Qurbanov yada sallıb ki, Vətən Müharibəmiz zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə raket atəşinə tutularkən həlak olanlar arasında yenə də uşaqlar var idi.

Təəssüf ki, bu, təkcə Azərbaycanda belə deyil, bütün dünyada uşaqlara qarşı terror hələ də mövcuddur: “Uzun illərdir Qəzzada yaşanan münaqişələr uşaqların həyatına dağıdıcı təsir göstərir. Atılan bombalardan sonra dağıntılar altında qalan körpələr, hələ özünü belə dərk etməyə imkan tapmadan hər iki valideynini itirib, yetimliyi dadan cocuqlar, çarəsizcə başqalarından imdad diləyən məsum körpələr.... Bu uşaqlar uşaqlığı zorla əlindən alınanlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir. Müharibə uşaqların düşmənidir. Düşmən güllələri onların arzularını, ümidlərini, sevinclərini öldürür”.

- Çox şükür olsun ki, bu gün Azərbaycanda doğma bayrağı ilə fəxr edən uşaqlar böyüyürlər. Gələcək onlarındır. Onlar bütövləşən, daha da güclənən, qüdrətli Azərbaycanımızın gəncləri olacaqlar. Ümidimiz, inamımız və arzumuz budur ki, bu uşaqlar nəinki Azərbaycanda, bütün ölkələrdə sülhün, əmin-amanlığın bərqərar olduğu bir dünyada yaşaya bilsinlər. Unutmayaq ki, Vətən uğrunda canını qurban verən Şəhidlərimizin övladları bizə əmanətdir. Biz bu əmanəti gözümüz kimi qorumalıyıq!,- sonra o, əlavə edib.



Elton HACIYEV