"Pandemiyada studiyamı bağladım" - Tünzalə Ağayeva


"Pandemiyada studiyamı bağladım" -

Xalq artisti Tünzalə Ağayeva "İzzət şou" verilişinin qonağı olub. 

MediaTime xəbər verir ki, sənətçi pandemiyanın insanlar üçün gözlənilməz olduğunu bildirib: "Pandemiya bizim gözləmədiyimiz hadisə oldu. Alışdığımız, hərəkətli səhnə fəaliyyətimiz dayandı. Artıq ikinci ildir ki, iqtisadi olaraq çətinlik yaşayırıq. Bütün dünyada artistlər pandemiya səbəbindən sənət istiqamətini dəyişdi. Peşəkarlar belə hadisələrdən faydalanmalıdır, əlini-qolunu sallayıb, depressiyaya düşməməlidir. Pandemiyada studiyamı bağladım, amma sənətimi davam etdirdim. Müharibə dövrü oldu, şəhidlərimizə, qələbəmizə aid mahnılar yazdım. "Şuşam mənim" mahnısı şəhidlərimizə həsr olundu.  Müharibə bitməmişdi, amma mən hisslərə qapılıb “Gözün aydın, Qarabağ” mahnısını yazdım. Soruşurdular ki, ərkən deyil bu mahnını oxuyursan? Deyirdim, yox. Sonra "Əsgər sevgilim" mahnısını yazdım. Sıxıntılar olsa da, bəzi qurumlar, insanlar mənə dəstək oldular, bir neçə layihə ərsəyə gətirdim".

Müğənni pandemiyada onu üzən hadisələrdən də danışıb: "Artist həmişə səhnədə olmalıdır. Məni üzən məsələ dəyərli sənətçilərin ölkəni tərk etməsi, musiqi alətlərini satması, başqa işlərlə məşğul olması  oldu. Onlar ölkədən getməsin, musiqi alətlərini satmasınlar. Allah hamımıza xeyirli qapılar açsın. Mədəniyyətimiz məhv olmasın".

Elton HACIYEV