Röya və şəhid övladlarından TÜRKİYƏYƏ DƏSTƏK: "Bu birliklə əzəmətsən..."


Röya və şəhid övladlarından

Xalq artisti Röya Ayxan “Fire Land Production”ın təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün növbəti dəfə “Mənim atam qəhrəmandır” adlı tədbirdə iştirak edib.  

MediaTime xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini, eləcə də balacaların yoqa təlimlərinə qatılmasını təşkil etməki olub. 
Tədbirdə fəxri qonaq olan Xalq artisti Röya Ayxan öz övladı Hüseynlə iştirak edib.  
Daha sonra aparıcı Leyla Quliyeva şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanımla tədbirin fəxri qonağı olan Azərbaycanın Xalq artisti, Röya Ayxanı səhnəyə dəvət edib. 
Röya  “Sizin kimi ana olmaq istəyirik”-deyib, şəhid anasına belə övlad yetişdirdiyi üçün təşəkkür edib.  O, həmçinin “Fire Land Production”un rəhbəri Cəlal Qurbanova onu bu tədbirə dəvət etdiyi üçün təşəkkürünü bildirib. 
Tanınmış müğənni uşaqlarla birlikdə “Zəfər himni”ni oxudu və onlar səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını göndəriblər. Daha sonra sənətçi iştirakçılar üçün  “Göyərçin” mahnısını da səsləndirib. 
Tədbir zamanı qardaş ölkə Türkiyədə baş verən təbii fəlakəti də unutmayan iştirakçılar əllərində Türkiyə bayraqları - “Bu birliklə əzəmətsən, Sən sevgisən, məhəbbətsən - Azərbaycan-Türkiyə!”- şüarını səsləndirib.




Elton HACIYEV