"Mədəniyyət" kanalının rəhbəri onları xoşlamır?


"Mədəniyyət" kanalının rəhbəri

Son günlər ölkə telekanallarında bəzi müğənnilərə efir qadağası qoyulması məsələsi gündəmdədir.

MediaTime
bununla bağlı kiçik araşdırma aparıb və ortaya maraqlı məqamlar çıxıb. Bəlli olub ki, bəzi tanınmış sənətçilərin Azərbaycan Dövlət Televiziyasında və Mədəniyyət kanalına çıxışına icazə verilmir.
Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl "Mədəniyyət TV"yə rəhbər təyin edilən rejissor Ülviyyə Könülün “zapret” siyahısında Xalq artisti Məleykə Əsədova, əməkdar artist Teymur Əmrah və müğənni Nadir Qafarzadə yer tutur.
Dəfələrlə Məleykə Əsədovanı verilişə dəvət etmək istəyən heyyət Ülviyyə Könülün qadağası ilə üzləşib.
Deyilənə görə, bu üç məşhur direktorun xoşuna gəlmir və onları AZTV-nin efirində görmək istəmir.
Mənbə qeyd edir ki, N. Qafarzadə Heydər Əliyev adına Sarayda telekanal üçün çəkilən konsert proqramına qatılıb. Lakin efirə təqdim edilən versiyada Nadir yer almayıb.

Əməkdar artist Teymur Əmrah da verilişə çəkilib, lakin Ülviyyə xanım tərəfindən efirə getməyə icazə verilməyib.

MediaTime məlumatı dəqiqləşdirmək üçün hər üç sənətçi ilə əlaqə saxlayıb. Məleykə Əsədova saytımıza açıqlamasında məlumatı təkzib edib. O, xəbərin doğru olmadığını bildirib: “Şayiələr doğru deyil. Mənə AZTV-yə heç bir qadağa qoyulmayıb. Sözü gedən kanalın efirlərinə çıxmışam və çıxıram da”.

Nadir Qafarzadə saytımıza açıqlamasında efir qadağası qoyulduğu barədə xəbəri olmadınığı bildirib:
“Bu barədə mənim heç bir məlumatım yoxdur. Ümumiyyətlə, mən AZTV-yə demək olar ki, iki ilə yaxın dəvət almıram. Deyilənə görə, heç bir “zapret” yoxdur, mənə və sənətimə də hörmətləri var, amma dəvətdə olmayıram. Bu problem deyil. Mənim AZTV-nin fondunda kifayət qədər mahnılarım və çıxışlarım var. Amma qalan xəbərdən xəbərim yoxdur, kim məni və necə zapreta qoyub? Heç kimdən də küsmürəm, bu həyatdır”.

Sənətçi Heydər Əliyev adına Sarayda telekanal üçün çəkilən qazi və şəhid ailələri üçün keçirilən konsert proqramına qatılması, daha sonra isə efirə təqdim edilən versiyada onun çıxışını kəsməsinə sualına belə cavab verib:

“Görüsünüz! Artıq məni konsertdən çıxardıblar. Allah cansağlığı versin”.

T.Əmrah da xəbərin doğru olmadığını qeyd edərək, bu mövzu barədə danışmaq istəməyib.