"Körpələrin hər birinə fərdi şəkildə yanaşıram. Elə bilirəm öz balamdır"


"Körpələrin hər birinə fərdi şəkildə yanaşıram. Elə bilirəm öz balamdır"

Bu gün özünün məsuliyyətini dərk edərək, xanımlıq statusuna hazır və layiq olan ziyalı qadınlardan biri – Leyla İslam qızı mənim müsahibimdir. Bu xanımın fəaliyyətini neçə illərdir ki, sosial şəbəkədən izləyir və şəxsən rəğbət edirdim. Məhz rəğbətim də məni Bakıdan ta Bərdəyə kimi gətirib çıxardı.
Beləliklə, “XəbərAl.az” saytının bu dəfəki müsahibi Bərdə şəhər 10 saylı körpələr evi uşaq baxçasının müdiri Məmmədova Leyla İslam qızıdır.

– Salam, hər vaxtınız xeyir olsun. Özünüzü təqdim edin zəhmət olmasa.
– Birincisi, çox xoş oldu sizi burda görmək. Çox sağ olun. Bu, elə bilirəm ki, mənə göstərilən hörmətdir, diqqətdir ki, siz o qədər məsafəni qət edib gəlmisiniz bura. Çox təşəkkür edirəm.
– Sağ olun.
– Siz sağ olun. Məmmədova Leyla İslam qızı. Bərdə şəhər 10 saylı körpələr evi uşaq baxçasının müdiriyəm. Yəqin ki, təhsilimi bilmək istəyirsiniz.
– Əslində mən bilirəm, amma istəyirəm oxucular üçün maraqlı olsun deyə öz dilinizdən eşidək.
– Bakıda doğulmuşam, yaşamışam, ailə qurmuşam, ali təhsil almışam. Bakalavr Diplomatiya təhsili almışam.  Magistr tərcümə Xarici Dillər və pedaqoji təhsil də almışam.  Ailə qurandan sonra çalışmışam, 12 illik pedaqoji fəaliyyətim olub. Məktəbəqədər müəssisəni də daxil etməklə, müxtəlif məktəblərdə fəaliyyət göstərmişəm.
– Müəllimə kimi fəaliyyət göstərmisiniz?
– Bəli, bəli. İngilis dili müəllimi kimi pedaqoji fəaliyyət göstərmişəm.
– Bəs diplomatiya, yoxsa baxça müdirəsi?
– İxtisasın hansı daha çox insanı çəkirsə. Mən uşaqlarla işləməyi çox sevirəm. Həm də mənim üçün ilk başdan etimad göstərilib bu iş mənə veriləndə, mənim sözüm bu oldu, mənim üçün özgə uşağı yoxdur. Elə bilirəm onların hamısı mənim öz doğma övladımdır. İnanın, yanaşma tərzim də belədir. Bura yüz nəfərlik baxçadır. Körpələrin hər birinə fərdi şəkildə yanaşıram. Elə bilirəm öz balamdır. Heç birini, elə başdan da dedim, mənim üçün özgə uşağı yoxdur. Sevirəm bu peşəni, çox sevirəm.
– Müəllimə, müsahibədən öncə insanla maraqlanırıq ki, görək müsahibimiz kimdir. Biz eşitmişik ki, siz həm ailəyə, həm də işinizə bağlı insansınız. Bəs bu iki işi eyni zamanda necə çatdıra bilirsiniz? Əsasən bura yaxın ərazilərin camaatı ilə sorğu keçirmişik. Kimin ki, övladı bura gəlir, onlardan başqa, baxçaya uşaq gətirməyənlər də sizdən çox razıdırlar, hörmətlə yanaşırlar. Sizin diqqət və qayğınızdan razılıqla məmnunluq ifadə edirlər. Bəs bu iki işi, həm ailə, həm də vəzifənizi eyni anda necə çatdıra bilirsiniz?
– Çatdırıram… Bilirsinizmi, biri var, insana işində mane olasan, bir də var, əksinə, dəstək olasan. Mənə ailəmdə dəstək var. Ona görə yorğunluq hiss etmirəm. Bir oğul övladım var. Ailəm mənə dəstək olur ki, mən büdrəməyim. Həm də insanın öz gücündən, öz potensialından da çox şey asılıdır. Əgər sən əminsən ki, bu işin öhdəsindən gələ bilərsən, deməli, gələ biləcəksən. Nizami Gəncəvinin çox gözəl kəlamı var:
“Kamil bir palançı olsa da, insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”.
Mən belə düşünürəm ki, elə peşəkar olaraq mən həyata məhz baxça müdirəsi kimi gəlmişəm.
– Diplomat kimi yox, pedaqoq kimi?
– O da olar… (gülür)
– Bəs sizi Bakıdan Bərdəyə gətirən səbəb nədir? Çoxlarının arzusudur ki, sizin təhsil aldığınız ali məktəbdə təhsil ala. Şəxsən mən çox istərdim diplomat olam, amma Allah-Təala mənə jurnalistika sahəsini qismət edib. Yəni, o cür təhsil, sözsüz ki, valideynləriniz də sizin ali təhsil almağınız üçün çətinlik əziyyət çəkib. İndikinə nisbətən o vaxt ali təhsil almaq çətin idi. O cür çətinlikdən keçib təhsil alan biri kimi gəlib düşmüsünüz rayon yerinə? Bizə maraqlıdır ki, sizi rayona gətirən səbəb nədir?
– İnsanların psixologiyasında fərq var. Şəhər insanı ilə rayon insanı psixogiyasında fərq var. Mən, əstarfurullah, aşağılamıram. Çünki burda dünyagörüşü, düşüncə baxımından qat-qat üstün insanlar da var. Ancaq bir az düşüncə baxımından insanlarda şəhərə meyllilik daha çox olur. Ümumiyyətlə, həmişə rayon insanları şəhərə axın etməyə meylli olurlar. Amma mənim düşüncəm, necə deyərlər, mən bir fərq yaratdım. Bilirsiniz necə? Mən gəldim, bu baxçada çalışmaqla yeniliyi mən yaratdım. Biz yoldaşımla Bakıda yaşayırdıq.
– Yoldaşınız Bərdəlidir?
– Bəli, mənim yoldaşım əslən Bərdəlidir.
– Yoldaşınız da Bakıda işləyir, yaşayırdı?
– Bəli, o da Bakıda işləyirdi. Biz onunla birlikdə qərar verib Bərdəyə gəldik. Üzr istəyirəm, mən ziyalı ailəyə gəlin gəlmişəm. Qayınanam rayon məktəbində direktor çalışıb. Sayılıb-seçilən ziyalılardan olub. Ailəmi Bakıdan Bərdəyə mən gətirmişəm və peşman da deyiləm.
– Bəs sizi Bakıdan gələndən sonra, təbii ki, gənc ailə olmusunuz, siz kollektivlə çalışmalı idiniz, qısqanclıq da məlumdur ki, kişilərin zəif damarıdır. Bununla bağlı ailədə söz-söhbət olurdu?
– Yox, yox, heç vaxt. Nə deyibsə o da olub. Mən yoldaşımla ikinci dəfə müzakirə aparmamışam. Həqiqətdə də belədir. Bizim aramızda etibar, inam, güvən var. Allah heç bir zaman sındırmasın bu güvəni, inşallah.
– Amin. Bayaq vurğuladınız ki, yoldaşınızı bura siz gətirmisiniz. Sizi məcbur edib gətirməyiblər. Hansı ki, Bakıda qalsaydınız, indi bundan da yüksək vəzifədə çalışırdınız. Mənə elə gəlir ki, sizin bura gəlişiniz sevginin gücüdür.
– Bəli.
– Bəs sizcə, sevgi özü nədir?
– Mənim üçün sevgi hörmətdir, diqqətdir, ehtiramdır, hər bir şeydir, dünya görüşünün üst-üstə düşməsidir, anlayışdır. Yəni, bəzən şəkil paylaşırlar, “kiçik bir ev olsun, amma içində hüzur olsun”. Həqiqətən də, sən şəhərdə, yoxsa kənddə yaşasan da, əsas odur ki, sevgi olsun. Sevgi olan yerdə, bir söz var “sənin üçün dünyanın sonunadək gedərəm”, baxın, mənim üçün sevgi məhz budur.
– Peşman olmadınız ki?
– Xeyr, çox şükür Allaha, peşman olmamışam.
– Bura gəldikdən sonra olubmu yoldaşınıza deyəsiz, bura necə yerdir, yenidən Bakıya qayıdaq?
– Xeyr, xeyr, heç vaxt bu sözü deməmişəm. Yəqin ki, mühit eynilə mənim böyüdüyüm mühitə bənzəyib ki, mən heç vaxt o sözü deməmişəm. Artıq 10 ildən artıqdır ki, mən burda yaşayıram.
– Bəs övladınız?
– Övladımın qarşısında heç vaxt sərhəd qoymayacağam. Bilirəm ki, o gələcəyi üçün, inkişafı, perspektiv üçün Bakıda yaşamaq istəyəcək. Qoy olsun. Necə istəyir elə də olsun. Yetər ki, xoşbəxt olsun.
– Bəs niyə ixtisasınızın axırına kimi getmədiniz?
– Cavan idim, yoldaşım qoymadı. Amma indi müəyyən yaşa çatmışıq, özü deyir ki, mən istəyərdim sən ixtisasınızın ardınca gedəsən.
– Bəs diplomat olsaydınız, özünüzü necə hiss edərdiniz, yaxud hansı uğurlarınız ola bilərdi, nəyə nail olardınız? Bərdədən daha çox Bakıda yaşayıb, hansısa ölkədə diplomat olsaydınız… Sizcə, ailəni qorumaqla diplomat ola bilərdiniz? Bəs diplomat olsaydınız, hansı ölkədə səfir olmaq istəyərdiniz?
– Səfirlik haqqında heç vaxt düşünməmişəm. Ancaq, görürsünüzmü, sizi bura gətirən bir səbəb var. Müəyyən məsafə qət edib gəlmisiniz… deməli, bu artıq mənim diplomatiyamın nəticəsidir ki, sizi Bakıdan Bərdəyə gətirib çıxara bilmişəm.
– Bu arada çox gözəl siyasətiniz var.
– Gülür…
– Leyla xanım, 44 günlük Vətən müharibəsi dönəmində ziyalı xanım kimi siz də mübarizə aparmısınız. Cənab Prezidentimizin ətrafında sıx birləşərək xüsusi mövqe sərgiləmisiniz. Mən onda sosial şəbəkələrdə sizi izləyirdim. Hətta bildiyim qədərilə ermənilərlə təkbətək mübarizə aparmısınız. Onlar məlumdur ki, necə şərəfsizdirlər, sizi təhqir etməkdən belə çəkinmirdilər. Buna baxmayaraq siz öz iradənizdən dönmürdünüz. Bu barədə istəyərdim danışasınız.
– Bəli… Mən nə qədər ki, burda yaşadığım müddətdə müəllim kimi fəaliyyətimdən danışmıram, özümü ən çox sübut etdiyim məqam, hansı ki, həqiqətdə mən kiməm, bu 44 günlük Vətən Müharibəsi günlərində oldu. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi, daha doğru desək, 2-ci Qarabağ savaşı elə dönəmə təsadüf etdi ki, həm də ölkədə dünyanın mübarizə apardığı pandemiya dövrü idi. Hər bir şey onlayn formada idi. Prezidentimiz bütün istiqamətlərdə mübarizə aparırdı. Təkcə cəbhədə yox, informasiya sahəsində də müharibəmiz davam edirdi. Mən erməni dilini bilmirəm, amma ingilis dilini mükəmməl bilirəm. Və ingilis dilində də erməni trollarla sözün əsl mənasında müharibə aparırdım. İnanın, 18 saat telefon əlimdən düşmürdü. Və çalışırdım ki, bütün yazılanlara ingilis dilində cavab verim. Bilirdim, inanırdım ki, qələbə bizimdir. Çünki bizim Prezidentimiz çox praqmatik insandır. Çox çalışırdım ki, “ARTSAX”, yox QARABAĞ varlığını onlara sübut edim. Cənab Prezidentin tvittlərini izləyirdim, paylaşırdım.
Eyni zamanda, yerli orqanlar tərəfindən, sosial rifahın yaxşılaşdırılması üçün hazırlanan proqram istiqamətində fəaliyyət göstərirdim, köməklik edirdim. O dönəmdə şəkillər paylaşmırdım. Çünki, Bərdədə, Tərtərdə terror olmuşdu. Xanım olaraq, çalışdığım dərəcədə, bunu bütün Bərdə camaatı bilir, nə cür dəstək lazımdırsa, inanın, gülləbaran altında mən insanlara köməklik göstərmişəm. Hətta insanların yerləşdiyi ərazilərdə mütləq ki, polislər olurdu. Polis mənə deyirdi ki, xanım siz maşını elə yerdə saxlamısınız ki, vura bilərlər. Axı, onlar görürdülər… Deyirdim, yox, mən gedə bilmərəm. Bərdədə baş verən terror zamanı da mən insanlara yardım edirdim.
– Bildiyim qədərilə bu gün də şəhid ailələri, məcburi köçkünlər, yaxud sosial şəbəkədə sizə üz tutan insanlara maddi və mənəvi dəstək göstərirsiniz. Maddiyyatı qoyaq kənara, şükürlər olsun, dövlətimiz sağ olsun, hər şey edir. Bərdənin özündən olan şəhid ailələrinə dəstək olursunuz. Bunun haqqında xahiş edirəm danışın.
– Müharibə bitən kimi, ilk işim “Böyük qayıdış” adlı məqaləm çap oldu. Yəqin sosial şəbəkədən siz də izlədiniz ki, “böyük qayıdış” məqaləmlə çıxış etdim. Daha sonra “44 günlük Vətən müharibəsinin qürurverici anları” adlı məqaləm də oldu. Biz dayanmadan, heç ara vermədən şəhid, qazi ailələrinə gücümüz daxilində qurban ətləri paylayırdıq. Bərdə rayonunda olan 163 sayda şəhid, qazi və məcburi köçkün ailələrinə həm maddi, həm mənəvi tərəfdən yardım edirəm. O ailələr artıq məni tanıyırlar. Leyla müəllimə deyiləndə söhbətin məndən getdiyini bilirlər.
– Sizə, son sualımı ünvanlayıram. Rayon xanımı ilə şəhər xanımının fərqi nədir?
– Xanım xanımdır… Heç bir fərqi yoxdur. Yəni, sən xanımsansa, lap onu rayon bəyinə də vermək olar, nə fərqi var ki?
– Mən fərq qoymuram, çünki özüm də rayon adamıyam, amma belə deyək, elə insanlar var deyir ki, şəhər xanımları baxımlı olur, rayon xanımları yox.
– Yox… mən bu fikirlə razı deyiləm. Rayon, ya şəhər anlayışı yoxdur. Əsas insanın özü və genetikasındır. Bu sualınıza cavabı mən bir az uzada bilərəm?
– Əlbəttə, buyurun.
– Vəzir həmişə şaha kömək etsə də, bir gün şah onu çağırır və deyir ki, düşünürsən ki, sən özünmü sən olmusan? Səni sən edən mənəm! Mən istəsəm heyvandan da vəzir düzəldə bilərəm. Bunu sənə sübut edəcəyəm. Vəzir deyir padşah sağ olsun, mən bir söz demirəm. Padşah vəziri zindana atdırır və pişik gətizdirir. Aşbazlara və köməkçilərə tapşırır ki, aparın bu pişiyə təlim keçin. 40 günün tamamında pişik vəzir xalatıyla gəlib mənə təzim edən gün bunu vəzir görəndə inanmasa, onun boynunu vurduracağam. Beləcə, 40 günün tamamında pişik vəzir xalatında saraya gətirilir, vəziri isə zindandan çıxarıb gətirirlər. Vəzir gələndə cibində siçan gətirir və içəri girəndə siçanı buraxır ortaya. Siçanı görən kimi pişik xalatı atıb qaçır onu tutmağa. Bu zaman vəzir şaha deyir: “Şah sağ olsun, onun zatı pişikdir, gec-tez əynini dəyişib əslinə qayıdacaqdı”. Bildinizmi bu misalı niyə çəkdim? Yəni əsas insanın şəhərli, kəndli olmağı deyil, əsas onun genetikasıdır, kim olmasıdır.
– Mən şəxsən yaxşı mənada sizə həsəd apardım. Siz ayrı-seçkilik etmirsiniz, insanlara yuxarıdan-aşağı baxmırsınız, məni də səmimiyyətlə qəbul etdiniz.
– Əlbəttə ki, səmimi qəbul etməliydim, siz sağ olun ki, gəldiniz. Əziyyət çəkmisiniz.
– Mənə elə gəlir ki, bu müsahibəmiz bəzi insanlar ki var, rayon-şəhər arasında fərq qoyur, əvvəllər kənddə yaşayıb indi kəndi bəyənmir, onlara əsl nümunə olacaq.
– Mən sizə bir etirafı edim ki, mən özüm Bərdənin şəhərində yox, kəndində yaşayıram. Bildiyiniz kimi, Bərdə özü rayondur. İnanın, burda elə ailələr var ki, kənddən kənddə ərə getmək istəmir, şəhərə ərə getmək istəyir. Mən məəttəl qalıram o adamlara ki, bura məgər “İçərişəhərdir”, “Sahil” metrosudur? Ona görə də yenə deyirəm, insanın əsası onun zatıdır, aldığı tərbiyədir, genetikasıdır…
– Səmimi müsahibə üçün sizə çox təşəkkür edirəm.
– Siz sağ olun ki, qiymət verdiz, dəyər verdiz.
– Sağ olun.
– Sağ olun.