Aylar sonra övladına qovuşdu


Aylar sonra övladına qovuşdu


ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində daimi əsaslarla yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizova övladına qovuşub.



MediaTime xəbər verir ki, qadın bir müddət əvvəl qızının Bakıda qaçırıldığını iddia etmişdi. L.Əzizova  körpə qızının qaytarılması üçün ondan pul tələb olunduğunu deyib. O, ABŞ vətəndaşı olan qızı Qloriyanı qanunsuz övladlığa götürən Müşviq Şirəliyevdən və onun ailəsindən geri alıb. Xəzər Rayon Polis İdarəsində baxılan işdə qadının xeyrinə qərar verilib.  “Polis idarəsinin əməkdaşlarının ədalətli qərarı ilə övladım qaytarıldı. Bunun üçün polis əməkdaşlarına təşəkkür edirəm. Qızımın səhhəti də yerindədir, birlikdə xoşbəxtik” deyə, L.Əzizova söyləyib.

Qeyd edək ki, Lətafət Əzizova Azərbaycanlı bir şəxslə nikaha daxil olduqdan sonra birlikdə ABŞ-a köçüb. 2018-ci ilin iyunun 9-da qızı Qloriya dünyaya gəlib. O, “Övladım ABŞ vətəndaşıdır. 2019-cu ilin avqustunda Azərbaycana gəldim. Qızım da mənimlə gəlmişdi. Amerikada işlədiyim üçün uşağa baxa bilmirdim. Dayə isə çox maaş istəyirdi. Qərar verdim ki, övladımı Bakıda tanıdığım ailənin yanında saxlayım. Amerikada işlərimi yoluna qoyduqdan sonra gəlib qızımı götürüm. Qızımı müvəqqəti saxlamaq üçün Şirəliyev Müşviq İnqilab oğluna vermişəm. Hər ay da onlara pul göndərirdim ki, uşağın ehtiyacları ödənsin. Bir müddət sonra uşağımı götürməyə gəldim. Amma övladımı mənə vermirlər. Müşviq Şirəliyevi mənim övladıma bağlayacaq hər hansı nə hüquqi əsas var, nə də buna onun ixtiyarı çatır. Uşağımı qaytarmaq üçün məndən 40 min manat istəyir. Göz görə-görə övladımı əlimdən alıblar” sözlərini demişdi.

 Elton HACIYEV