Bərdədə uşaq bağçalarının açılışına hazırlıq sona çatdı - FOTOLAR


Bərdədə uşaq bağçalarının açılışına hazırlıq sona çatdı

Bütün uşaqlara qayğı ölkəmizin dövlət siyasətinin əsas prioritet məsələlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı göstərilir, onların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün hər cür şərait yaradılır.

Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşıb. Ulu Öndər hər zaman uşaqların iştirakı ilə keçirilən bayram tədbirlərində iştirak edir, çıxışlarına maraqla tamaşa edir, alqışlayır, onlarla şirin-şirin söhbət edirdi. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.

Prezident İlham Əliyev uşaq hüquqlarının müdafiəsinə, sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönələn siyasət yürüdür, bu istiqamətdə uğurlu islahatlar aparır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar müstəsna əhəmiyyət daşıyır.

Respublikamızda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün yaradılan şərait həmişə diqqət mərkəzində saxlanılır. Bunu ölkəmizdə yeni uşaq bağçalarının tikilməsindən, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasından, müasir inventar və avadanlıqlarla təmin edilməsindən aydın şəkildə görmək olar.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin mütəmadi olaraq rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, uşaqlara göstərilən qayğı ilə yerində tanış olması bunun bariz nümunəsidir..

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) əyani təhsilin bərpası ilə bağlı Təhsil Nazirliyindən verilən məlumata görə, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini qismən bərpa edəcək.

Bu xəbəri Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının kollektivi də böyük sevinclə qarşıladı. Kollektivin müəllim tərbiyəçi heyəti pandemiya dövründə yaxın təmasda ola bilmədikləri körpə fidanlarla yenidən görüşəcəklərinə sözün əsl mənasında şad oldular.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan bizim bağçamızda da müvafiq hazırlıq tədbirləri həyata keçirilib.

Bununla əlaqədar bağçamızda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görüblər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Rayonda fəaliyyət göstərən bütün məktəbəqədər müəssisələr Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiyaedici məhsullarla təmin edilib.

Hətta, Bərdə Rayonunun ən ucqar kəndlərində belə bağçalar Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətə başlamaq üçün çox gözəl, abad vəziyyətə gətirilib.

Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri görülüb. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət bundan sonar da artırılacaq, mütəmadi olaraq dezinfeksiya işləri aparılacaqdır.

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyi ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya kollektiv adından öz dərin minnətdarlıqlarını bildirirlər. 

Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi səmimi münasibətə görə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə sonsuz təşəkkürlərini bildirirlər. 

Abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Bərdə rayonunda böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün daim əsaslı işlər görülür. 

Biz də gələcəyimiz olan körpə fidanların sağlam və vətənpərvərlik ruhunda böyüməsi üçün əlimizdən gələni edəcəyik.

 

Leyla Məmmədova 

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri